“Initial Ranking” və “Re-Ranking” Əlaqəsi

“Initial Ranking” və “Re-Ranking” Əlaqəsi

Axtarış motorunda axtarış edərkən təqdim olunan nəticələr nəyə əsasən sıralanır? İstifadəçiləri maraqlandıran bu proses onların axtarış sorğularına ən uyğun və keyfiyyətli nəticələri təqdim etmək üçün önəmlidir.

 

Mürəkkəb alqoritmlərdən və müxtəlif qiymətləndirmə meyarlarından istifadə etməklə həyata keçirilən proses bu addımlardan ibarətdir: 

 

Skanlama və indeksləmə. Axtarış motorları interneti daim skan edərək veb-saytların varlığını müəyyənləşdirir və onları indeksdə saxlayır. Skanlama və indeksləmə “hörümçəklər” və ya “botlar” adlı xüsusi proqram təminatı ilə həyata keçirilir. 

 

İndeksləmə zamanı səhifənin məzmunu, strukturu və metadata kimi xüsusiyyətləri qeydə alınır.

 

Sorğunun emalı. İstifadəçi axtarış sisteminə sorğu daxil etdikdə axtarış sistemi bu sorğunu təhlil edir və onun mənasını deşifrə etməyə çalışır. 

 

Bu prosesdə sistem axtarışa uyğun nəticələri datasından müəyyənləşdirmək üçün açar sözlərin uyğunlaşdırılması, sorğunun məqsədinin başa düşülməsi və sorğuya uyğun ola biləcək semantik əlaqələrin araşdırılmasını aparır.

 

Reytinq. Sorğu üçün ən uyğun nəticələri müəyyən etmək üçün axtarış sistemi öz indeksindəki səhifələri müxtəlif meyarlara görə qiymətləndirir və sıralayır.

 

Reytinq prosesində brauzerlər iki növ əməliyyatdan istifadə edir:

1.“Initial Ranking”

2.“Re-ranking”

 

1.“Initial Ranking”

 

“Initial Ranking”, yəni ilkin sıralama, axtarış motoruna istifadəçi tərəfindən daxil edilən axtarış sorğusundan sonra sistemin veb səhifələri ilkin sıralama üçün analiz etdiyi prosesdir. İlkin sıralama, səhifələrin məzmununun istifadəçi sorğusuna nə dərəcədə uyğun olmasından asılı olaraq müəyyən edilir.

 

Daha aydın desək, istifadəçi axtarmaq istədiyi söz və ya ifadəni axtarış motoruna yazdıqda sistem bu təhlilləri aparmaqla istifadəçinin nə axtardığını anlayır:

 

Açar söz təhlili. Axtarış motoru sorğudakı açar sözləri skan edib tanıyır və bu sözlərin veb-saytlarda hansı aralıqda və hansı kontekstdə göründüyünü təhlil edir.

 

Uyğunluq. Daha sonra səhifənin məzmunu ilə istifadəçinin axtarış sorğusu arasında uyğunluq qiymətləndirilir. 

 

Məsələn, istifadəçi "ən yaxşı çay markası" üçün axtarış etdikdə, həmin şərtləri ehtiva edən və çay haqqında maraqlı kontenti olan sayt sıralamada irəlidə olur.

 

Sayt etibarlılığı. Veb səhifənin etibarlılığı və nüfuzu reytinqdə mühüm rol oynayır. Saytın etibarlılığını isə sistem “backlink”lər vasitəsilə ölçə bilir. 

 

Səhifəyə keçid verən “backlink”lər nüfuzlu, kifayət qədər trafikə malik saytdan olduqda qiymətləndirilmə mümkün olur, digər saytlar isə qiymətləndirməyə təsir etmir. 

 

Real nümunə üzərindən baxsaq, tutaq ki, istifadəçi “evdə hazırlanmış çörək resepti”nə aid axtarış edir. Bu vaxt, axtarış sistemi çox qısa vaxt ərzində aşağıdakı addımları yerinə yetirməklə sıralamanı istifadəçiyə təqdim edir:

 

1.Açar söz təhlili. “evdə hazırlanmış”, “çörək” və “resept” sözləri təhlil edilir.

 

2.Səhifə məzmununun təhlili. Bu açar sözləri ehtiva edən və müxtəlif növ çörək reseptlərinə malik səhifələr müəyyən edilir.

 

3.Uyğunluq və etibarlılığın qiymətləndirilməsi. Səhifələrin məzmunu və çörək reseptlərinə aid kontentlərin nə qədər dəyərli olduğu qiymətləndirilir. 

 

İlkin sıralama prosesi arxa planda mürəkkəb alqoritmlərlə həyata keçirilsə də, onun əsas prinsipi istifadəçilərin axtardıqlarını ən doğru və effektiv şəkildə tapmasını təmin etməkdir. 

 

Yuxarıda qeyd etdiyim amilləri yerinə yetirməklə saytın məzmununu optimallaşdırmaq və sıralamada görünmə qabiliyyətini artırmaq mümkündür.

 

2. “Re-ranking”

 

“Re-ranking”, yəni yenidən sıralama, istifadəçilərin axtarış təcrübəsini daha da fərdiləşdirmək və optimallaşdırmaq üçün ilkin sıralamadan sonra, axtarış motorlarının nəticələri yenidən qiymətləndirməsi və yeniləməsi prosesidir. 

 

Bu proses istifadəçi sorğularına daha uyğun və fərdiləşdirilmiş cavablar təqdim etmək üçün müxtəlif amilləri nəzərə almaqla işləyir.

 

İstifadəçi konteksti və fərdiləşdirmə. Yenidən sıralama alqoritmləri istifadəçinin yerini, axtarış tarixçəsini, cihaz növünü və hətta axtarış günü ilə vaxtını nəzərə alır. Məsələn, istifadəçi "restoranlar" sözünü axtarış etdikdə onun hansı məkanda olduğunu müəyyənləşdirən sistem, həmin əraziyə yaxın restoranları təqdim edir. 

 

Davranış məlumatı. Axtarış motorları verilmiş axtarış nəticələri üçün kliklənmə dərəcələri (CTR) kimi ümumi istifadəçi davranışı məlumatlarını təhlil edir. 

 

Müəyyən bir sorğu üçün daha çox kliklənən səhifələr “re-ranking” prosesi zamanı reytinqlərdə üstün olur.

 

Sorğu anlaması. Qabaqcıl təbii dil emalı (NLP) üsulları istifadəçinin axtarış niyyətini başa düşməyə kömək edir. Bura istifadəçinin məlumat məzmunu, xüsusi veb-saytlar və ya yerli xidmətlər axtarıb axtarmadığını müəyyən etmək və buna uyğun olaraq reytinqləri tənzimləmək daxildir

 

Məzmun yeniliyi və trendlər. Yenidən sıralama həm də məzmunun təzəliyini və mövcud tendensiyaları nəzərə alır. Xüusilə, xəbər hadisələri ilə bağlı axtarışlarda yeni məlumatlar dərc edən səhifələrə üstünlük verilir.

 

Keyfiyyət siqnalları. Səhifə yükləmə sürəti, mobil uyğunluq və təhlükəsiz bağlantılar (HTTPS) kimi əlavə keyfiyyət siqnalları da sıralama amilində vacibdir.

 

Daha yaxşı istifadəçi təcrübəsi təklif edən saytlara yenidən işlənmiş reytinqlərdə üstünlük verilir.

 

Bu amillərin gedişatına ümumi nəzər salaq. İstifadəçi Bakıda smarfonundan “geyim mağazaları”adlı axtarış etdikdə “initial ranking” prosesi açar söz uyğunluğu və sayt etibarlılığı kimi amillərə əsaslanan müvafiq veb-saytların geniş siyahısını müəyyənləşdirir. Daha sonra “re-ranking” mərhələsinə keçid olunur. Bu zaman axtarış sistemi həmin siyahını aşağıdakıları nəzərə alaraq düzəldir:

 

1.İstifadəçinin yeri. Bakıda olduğu üçün Bakıdakı geyim mağazalarına üstünlük verilir.

 

2.Vaxt. Axtarış olan vaxtı açıq olan mağazalara sıralamada üstünlük verilir, bağlı mağazalar isə geri salınır. 

 

3.İstifadəçinin axtarış tarixçəsi. Əgər istifadəçi, keçmiş axtarışında geyim mağazalarını axtarıbsa, həmin axtarışında kliklədiyi veb-saytlar öndə olacaq. 

 

4.Veb saytların mobil uyğunluğu. İstifadəçi axtarışını telefonundan etdiyi üçün “mobile friendly” saytlar öndə olur, mobil cihazda istifadəsi narahat olan saytlarsa sıralamada qiymətləndirilmir. 

 

“Initial ranking” və “re-ranking” axtarış motorlarının istifadəçilərə ən uyğun və fərdiləşdirilmiş nəticələri təqdim etməsi prosesində bir-birini tamamlayan iki əsas mərhələdir. Əvvəlcə, ilkin sıralama axtarış sorğusunun əsas uyğunluq və səlahiyyət meyarlarına əsaslanaraq veb səhifələri təşkil edərək, ümumi ilkin reytinqi təqdim edir. Yenidən sıralama isə daha sonra istifadəçinin yeri, cihazı və axtarış datası kimi spesifik amilləri nəzərə alaraq bu sıralamanı daha da təkmilləşdirir və nəticələri fərdiləşdirir.

 

Bu iki proses istifadəçilərə ən uyğun, ən yeni və fərdiləşdirilmiş axtarış təcrübəsini təmin etmək üçün birlikdə işləyir.

Muzaffar Garakhanli

Другие статьи

Анализ социальных сетей Bakcell и Nar (2021)

Анализ социальных сетей Bakcell и Nar (2021)

Анализ социальных сетей Azercell (2020)

Анализ социальных сетей Azercell (2020)

"Query Context": "Query Definition" Və "Query Aspect" Yanaşmaları

"Query Context": "Query Definition" Və "Query Aspect" Yanaşmaları