"Related Search Activity": SEO Strategiyalarında Rolu

"Related Search Activity": SEO Strategiyalarında Rolu

"Related Search Activity" istifadəçilərin müəyyən mövzuda məlumat axtararkən etdikləri axtarışlardan başqa, axtarış motorları tərəfindən təklif edilən və  oxşar məzmunlu axtarış seçimlərinin istifadəçilər tərəfindən seçilməsidir. 

 

Belə ki, istifadəçi "ən soyuq şəhər" axtarışı etdikdə məqsədi həm dünyada, həm də öz ölkəsində soyuq əraziləri bilmək ola bilər. Bu əsas axtarışdan sonra axtarış motoru "ən soyuq şəhərlər", "dünyada ən soyuq şəhər" və ya "Azərbaycanda soyuq yerlər" kimi əlaqəli axtarış da təklif edəcək. Əgər istifadəçi bu təkliflərdən birinə klik edərsə və əlavə axtarış edərsə, bu, "related search activity" hesab olunur. 

Axtarış motoru istifadəçi axtarışı necə anlayıb əlaqəli axtarışlar təklif edir?

 

Axtarış motorları istifadəçi davranışını anlamaq üçün istifadə etdiyi üsullardan bəzilərinə bunlar aiddir:

 

Axtarış sorğuları;

  • Açar söz təhlili. Sistem istifadəçilərin hansı açar söz və ifadələri axtardığını təhlil etməklə həmin sözlərin ən çox işləndiyi məzmunları tapa bilir.
  • Sorğu niyyətinin təhlili. Axtarış motorları sorğuların arxasındakı niyyəti təhlil edir (bura məlumat əldə etmək, məhsul almaq, yerli biznes tapmaq və s. daxildir). 

 

Klikləmələr (CTR) və saytda davranışlar;

  • Əlaqədar axtarış nəticələrinə klikləməklə. İstifadəçilərin əlaqəli axtarış təkliflərinə nə qədər kliklədiyi bu təkliflərin uyğunluğu və cəlbediciliyi haqqında alqoritmə məlumat verir.
  • Səhifənin naviqasiyası və iştirakı. İstifadəçilərin müvafiq axtarışlar nəticəsində daxil olduqları səhifələrdəki davranışları məzmunun nə qədər maraqlı və lazımlı olduğunu göstərir.

 

Fərdiləşdirmə və istifadəçinin keçmiş datası. İstifadəçilərin keçmiş axtarışı və klik davranışı əsasında daha uyğun əlaqəli axtarış təkliflərinin təmin edilməsinə kömək edir.

 

Maşın öyrənməsi və süni intellekt. Axtarış motorları istifadəçi davranışı məlumatlarını maşın öyrənməsi və süni intellekt alqoritmləri ilə emal edir. Onun da nəticəsinə əsasən təkmilləşdirilmiş "related search activity" təqdim edir.

 

"Related Search Activity"nin SEO strategiyalarında rolu

 

"Related search activity" axtarış motorunun optimizasiyası (SEO) strategiyalarında mühüm rol oynayır. Bu fəaliyyətlər istifadəçilərin konkret axtarış termini ilə bağlı hansı növ əlavə məlumat axtardıqlarını göstərir. Bu məlumatları bilməksə strategiyalara inteqrasiya etmək veb-saytların axtarış motorlarında daha yüksək yer tutmasına və onların orqanik trafikini artırmağa kömək edir. 

 

SEO strategiyalarında əlaqədar axtarış fəaliyyətinin rollarına bunları aid edə bilərik:

 

Açar söz tədqiqatı və genişləndirilməsi;

  • Hərtərəfli açar sözlərin bilinməsi. Əlaqəli axtarış fəaliyyətləri istifadəçilərin əsas açar sözlərdən başqa hansı mövzularla maraqlandığını bilməyə kömək edir. Bu, SEO və məzmun strategiyalarında istifadə edilə bilən daha geniş açar sözlər toplusunu təmin edir ki, onlardan istifadə məzmunu daha geniş auditoriyaya çatdıra bilər.
  • Axtarış məqsədini anlamaq. "Related search" istifadəçilərin axtardığı məlumat növləri (məlumat, satınalma, və s.) haqqında məlumat verir. Həmin məlumatlar istifadəçilərin real ehtiyaclarına uyğun məzmunu formalaşdırmağımıza imkan verir.

 

Məzmun optimizasiyası;

  • Lazımi və dəyərli məzmun istehsalı. Müvafiq axtarış terminləri bizə istifadəçilərin hansı əlavə məlumatı axtardığını göstərir ki, bunun da nəticəsində həmin ehtiyaclara cavab verən lazımi kontenti hazırlaya bilirik. 
  • İstifadəçiyönümlü məzmun planlaşdırılması. Müvafiq axtarış fəaliyyətləri istifadəçilərin maraqlarına və sorğu tendensiyalarına uyğun olaraq məzmunun planlaşdırılması prosesini istiqamətləndirir. Bu, məzmunu daha çox istifadəçi yönümlü və interaktiv etməyə kömək edir.

 

Saytın strukturunun və daxili “backlink”lərin təkmilləşdirilməsi;

  • Sayt strukturunun optimizasiyası. Əlaqədar axtarış terminləri xüsusi mövzular ətrafında qruplaşdırılmış məzmun yaratmaqla sayt strukturunu təkmilləşdirmək imkanlarını təmin edir. Sayt strukturunun təkmilləşdirilməsi istifadəçilərə axtardıqları məlumatları asanlıqla tapmaq imkanı verir.
  • Effektiv daxili əlaqələndirmə strategiyaları. Əlaqədar məzmun arasında məntiqi bağlantıların yaradılması sayt naviqasiyasını asanlaşdırır və axtarış motorlarının saytı daha yaxşı başa düşməsinə səbəb olur. 

 

Rəqabət təhlili və trendlərin müəyyənləşdirilməsi;

Sağlam rəqabətə qatılmaq. Müvafiq axtarış terminlərinin təhlili rəqiblərin yaxşı performans göstərmə amillərini bizə bildirir. Bu rəqabətə uyğun olaraq öz strategiyalarımızı tənzimləyə və saytımızı ön sıraya gətirə bilərik.

Sektor trendlərini izləmək. Hansı müvafiq axtarış terminlərinin populyar olduğunu başa düşmək sector meyllərini və istifadəçi marağının göstəricisidir. Həmin trendləri bilmək ona uyğun məzmun yaratmağımıza ideya verir ki, bunun da nəticəsində trafiki artıra bilirik. 

Muzaffar Garakhanli

Digər yazılar

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

"Representative Queries" Yanaşmasının Əhəmiyyəti

"Representative Queries" Yanaşmasının Əhəmiyyəti

Azercell Sosial Media Analizi (2020)

Azercell Sosial Media Analizi (2020)